Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanı taekvondo idman növündə təmsil edən və 58 kiloqram çəki dərəcəsində gümüş medal qazanan Qaşım Maqomedov Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun üzvüdür.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, idmançımız bundan əvvəl də bir sıra beynəlxalq yarış və turnirlərdə yüksək nəticələr göstərməyi bacarıb.
Bunlardan, xüsusilə IV İslam Həmrəyliyi Oyunlarında qazandığı gümüş medalı, Krakovda (Polşa) keçirilən III Avropa Oyunlarında bürünc medalı və 2023-cü il Avropa Taekvondo Çempionatında (Tallin, Estoniya) qazandığı qızıl medalı qeyd etmək olar.
Həmçinin, Q.Maqomedov 2023-cü ildə Çinin Uşi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin təsnifat və həmin turnirin final mərhələsində qələbə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya əldə edib.