Bu gün Azərbaycanın iki sərbəst güləşçisi - Hacı Əliyevlə Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, hər iki idmançı yarışa 1/8 finaldan start verəcək.
97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq. 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Bu çəkilərdəki qarşılaşmalar Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Digər sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda yarışacaq. Bu çəki dərəcəsindəki yarışlar Bakı vaxtı ilə 20:15-də başlayacaq.
Bu gün həmçinin Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində bacarığını göstərəcək. Yarış 16:00-da başlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıblar. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.
Rəylər