“Qarabağ” bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Ağdam klubu səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Cəbəllüttariq çempionu “Linkoln”u sınağa çəkəcək.
Bu, “atlılar”ın Bakı Olimpiya Stadionunda (BOS) səkkizinci avrokubok matçı olacaq. Əvvəlki yeddi görüşdə statistika Azərbaycan çempionunun lehinə deyil.
Qurban Qurbanovun komandası BOS-da beş dəfə məğlub olub, iki dəfə heç-heçə edib. “Atlılar” avrokuboklarda qrup mərhələsində ən böyük ev məğlubiyyətini də bu arenada alıb. Komanda Portuqaliya “Sportinq”inə 1:6 uduzub.
Maraqlıdır ki, “Qarabağ”ın BOS-dakı bütün görüşləri qitəmiqyaslı turnirlərin qrup mərhələlərində baş tutub. Komanda ilk dəfə bu arenada təsnifat mərhələsi oyununa çıxacaq. Rəqibin nisbətən zəif olduğunu nəzərə alsaq, sindromun sona çatmaq ehtimalı böyükdür.
“Qarabağ”ın BOS-da keçirdiyi avrokubok oyunları:
2017/18 mövsümü
Çempionlar Liqası, qrup mərhələsi
“Qarabağ” - “Roma” (İtaliya) - 1:2
“Qarabağ” - “Atletiko” (İspaniya) - 0:0
“Qarabağ” - “Çelsi” (İngiltərə) - 0:4
2018/19 mövsümü
Avropa Liqası, qrup mərhələsi
“Qarabağ” - “Arsenal” (İngiltərə) - 0:3
“Qarabağ” - “Vorskla” (Ukrayna) - 0:1
“Qarabağ” - “Sportinq” (Portuqaliya) - 1:6
2022/23 mövsümü
Konfrans Liqası, qrup mərhələsi
“Qarabağ” - “Bazel” (İsveçrə) - 0:0
Əlavə edək ki, “Qarabağ” bir dəfə də xarici ölkə təmsilçisi ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirib. “Qalatasaray”a qarşı xeyriyyə matçında komanda 1:2 məğlub olub.
Qeyd edək ki, “Qarabağ” - “Linkoln” görüşü bu gün saat 20:00-da start götürəcək.
Faiq Tahirov
Rəylər