"Çox çətin olacağını bilirəm, amma istəyirəmsə, bacaracağam".
Bunu Oxu.Az-a müsahibəsində karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev deyib. Onunla müsahibəni təqdim edirik:
- Rafael Ağayev uzun müddətdir görünmür, bunun səbəbi nədir?
- Bunun səbəbi zədəli olmağım idi. Ayaq əzələmdə yırtılma var idi. Bundan əlavə, onurğa sütunumda da ciddi zədə yaranmışdı. Amma artıq müalicə almağa başlamışam və mütəmadi olaraq məşq prosesi keçirəm.
- Qarşıda hansı yarışlarınız var? Əsas hədəfləriniz nələrdir?
- Hazırda kombat karate döyüş növündə müqaviləm bitib. Daha öncə döyüş təklif etmişdilər, amma orucluq ayına təsadüf etdiyi üçün qatılmamışdım. Sonra qərara gəldim ki, özümü taekvondoda yoxlayım. Çox çətin olacağını bilirəm, amma istəyirəmsə, bacaracağam. Digər hədəfim də var, lakin nə olduğunu açıqlamaq istəmirəm. Oradan qızıl medalla qayıtmaq arzusundayam.
- Rafael Ağayevdən sonra Azərbaycanı layiqincə təmsil edə biləcək varisi varmı?
- Olduğunu düşünmürəm. Çünki Azərbaycanda mənim rekordumu qırmaq üçün ən azı 10, 15, hətta 20 il müddət lazımdır. Sözsüz ki, 11 dəfə Avropa, beş dəfə dünya çempionu və olimpiya ikincisi olmaq çox çətindir. Birinci səbəb odur ki, karate olimpiya idman növlərində yoxdur. İkinci səbəb isə odur ki, karatedə dünya çempionatı iki ildən bir keçirilir. Gələcəkdə hər il keçirilərsə, bəlkə, o zaman bu göstərici təkrarlana bilər. Digər halda isə inanmıram. Əvvəllər bu suala cavabda deyirdim ki, bilmirəm. Amma indi dəqiqdir ki, mənim rekordumu uzun illər təkrarlayacaq kimsə olmayacaq.
- Azərbaycanda karate idman növü hazırda hansı səviyyədədir?
- Son illərdə karatedə çox böyük dəyişikliklər olub və bu da müsbət göstəricidir. İnanıram ki, gələcəkdə bundan daha yaxşı nəticələrimiz olacaq. Sadəcə, uğurlar arzu edirəm.
- İki il öncə Dövlət Gömrük Komitəsində işiniz rəsmiləşdi. Bu, hazırlıq və turnirlərdə iştirakınıza hansısa formada təsir edirmi?
- Xeyr, etmir. İşim qaydasındadır. Gömrük Komitəsinin sədri Şahin Bağırova çox sağ ol demək istəyirəm. Çünki mənə yetərincə şərait yaradır. İstər seminarlara, istərsə də milli komanda ilə məşqlərə qatılmağa icazə verdikləri üçün sağ olsunlar.
- Adlı-sanlı idmançıların özlərinin idman məktəbi açmaları normal qəbul edilən haldır. Bəs niyə Rafael Ağayevin öz şəxsi karate məktəbi yoxdur?
- Əslində, mən də düşünürəm ki, şəxsi zalım olmalıdır. Amma dəstək olmadığı üçün yoxdur. Düşünürəm ki, gələcəkdə hər şey qaydasında olar və məşq zalımı açaram.
- Həmişə müsahibələrdə ananızın ən böyük dəstəkçiniz olduğunu vurğulamısınız. İndi mənəvi gücü kimdən alırsınız?
- Hər zaman gücümü Allahdan almışam. İndi də Allaha dua edirəm. Başqa bir yerdən, heç kimdən güc almıram. Gəldiyim yerə də Allahın köməkliyi ilə və öz gücümlə gəlmişəm.
Anar Həsənov
Rəylər