Azərbaycanın ən köklü klublarından biri olan "Neftçi" yenindən dirçəlmək üçün hazırlıqlar görür. Komandanın baş məşqçi postuna Samir Abasovun təyin olunması da məhz bunun göstəricisdir. 42 yaşlı mütəxəssis "Sumqayıt"dan əvvəl "Zirə"də də çalışıb və uğurlu nəticələr əldə edib.
Yeni baş məşqçisi Samir Abasovun təyinatı Hazırda çətin günlər yaşayan "Neftçi" klubunun və rəsmilərinin ümidlərini artırıb. 2004/05 mövsümündə "Neftçi" forması ilə çempionluq sevinci yaşayan təcrübəli mütəxəssis daha sonra "ağ-qaralar"la baş məşqçi statusunda da çempionluq əldə edib.
Maraqlıdır ki, Samir Abasov hazırda autsayderlər arasında qərarlaşan "Neftçi"ni yenidən layiq olduğu yerə qaytara bilərmi?
İlk növbədə Abasovun qarşısında duran əsas hədəf komandanı autsayder zonasından xilas etməkdir. Hazırda "Neftçi" 10 komanda arasında 9-cu pillədə qərarlaşıb və Azərbaycan Premyer Liqasında qalmaq uğrunda mübarizə aparır. Komandanı əvvəlki vəziyyətə qaytarmaq üçün Abasov qısa müddətdə ciddi işlər görməli, futbolçuların psixologiyasını dəyişməli və onlara inam aşılamalıdır.
Növbəti mərhələdə isə hədəf Avrokuboklara vəsiqə qazanmaq olacaq. "Neftçi" kimi nəhəng bir klubun ən azından Avropa Liqasının qrup mərhələsində yer alması Azərbaycan futbolu üçün çox vacibdir.
Samir Abasovun "Sumqayıt"dakı uğurlu fəaliyyəti "Neftçi" rəhbərliyi və azarkeşləri üçün qələbə ümidlərini artırır.
Xatırladaq ki, Abasov 2018-2021-ci illərdə "Sumqayıt"ı çalışdırıb və komandanı iki dəfə Azərbaycan Kubokunda finala çıxarıb.
O, eyni zamanda, "Sumqayıt"la çempionatı iki dəfə 3-cü, bir dəfə isə 4-cü pillədə başa vurub. İndi isə Samir Abasovdan daha böyük uğurlar gözlənilir.
Bəs görəsən, Samir Abasov "Neftçi"nin dərdinə dərman ola biləcəkmi? Bütün bu suallara isə yaxın gələcək cavab verəcək.
Anar Həsənov