"Culfa şəhərində külək potensialının səmərəli olması nəzərə alınaraq, ümumi gücü 0.3 MVt olan yeni külək stansiyası yaradılıb. Stansiyada 10 ədəd gücü 30 kVt olan külək turbini və 30 kVt gücündə olan invertor quraşdırılıb. Bu stansiya ANE şirkəti və yerli mütəxəssislər tərəfindən ərsəyə gətirilib".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Culfanın Külək Elektrik və Külək-Günəş hibrid Elektrik stansiyalarının sahə müdiri Ayaz Hüseynov deyib.
O bildirib ki, stansiyada istehsal olunan enerji güc transformatoru vasitəsilə şəbəkəyə ötürülür:
"Stansiya 2022-ci ildə istifadəyə verilib. "492B-cito4IC" külək elektrik stansiyası bu il 442 min kVt/saat enerji istehsal edib".
Stansiyaların sahə müdiri əlavə edib ki, Culfada 3.3 hektar sahədə yerləşən və gücü 1.1 MVt olan Külək-Günəş Elektrik Stansiyası da yaradılıb:
"Stansiyada gücü 280 Vatt olan 3 520 ədəd Günəş paneli və 20 ədəd gücü 50 kVt olan invertor quraşdırılıb. Həmçinin, 12 ədəd gücü 10 kVt olan külək turbini və 12 ədəd invertor quraşdırılıb.
İstehsal olunan enerji güc transformatoru vasitəsilə şəbəkəyə ötürülür. Stansiya 2021-ci ildə istifadəyə verilib. Hibrid elektrik stansiyası 2023-cü ildə 1 milyon 600 min kVt/saat enerji istehsal edib".
Daha çox foto burada: Photostock.az
Məhərrəm Əliyev