Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.
Oxu.Az xəbər verir ki, Xəzər dənizinin Lənkəran sahilində baş tutan sahilyanı təmizlik aksiyasına COP29 könüllüləri ilə yanaşı, Regional İnkişaf İctimai Birliyinin Lənkəran şöbəsinin könüllüləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb. Təmizlik aksiyası çərçivəsində 1 km-dən artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Toplanan 1 100 kiloqram tullantı utilizasiya üçün Lənkəran Şəhər Abadlıq İdarəsinə təhvil verilib. Eyni zamanda, əvvəlki iməcilik tədbirlərində olduğu kimi, bu dəfə də toplanılan tullantıların həcmi haqqında məlumat "Ocean Conservancy" qeyri-kommersiya ətraf mühitin müdafiəsi qrupunun qlobal məlumat bazasına daxil edilib.
Əlavə edək ki, ekoloji tədbirə qatılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi nümayəndələri Xəzər dənizinin mövcud ekoloji vəziyyəti, tullantıların utilizasiyası, xüsusən də düzgün idarə olunmadığı təqdirdə sualtı ekosistemə təsiri barədə könüllüləri məlumatlandırıb, onların mövzu ilə bağlı suallarını cavablandırıb.