Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on birinci günündə Yaşıl Zonada "İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SIDS) və icmaların ekosistemləri" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, moderatoru Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serim olan tədbir inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim dəyişmələrinin artan təsirləri ilə mübarizədə qarşılaşdıqları çətinlikləri araşdırıb.
Spikerlər arasında İngilis Millətlər Təşkilatının baş katibi baronessa Patrisiya Skotland, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia, "ODI Global" mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Rebekka Nadin, BMT yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos"un Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov yer alıblar.
Sessiyada təbii ekosistemlərin - mərcan rifləri, manqra meşələri və sahil bataqlıqlarının deqradasiyasının həm bioloji müxtəliflik, həm də köklü icmaların dolanışığı üçün necə təhlükə yaratdığı müzakirə edilib.
Eyni zamanda, iqlim dəyişikliklərinin bu dövlətlər üçün yaratdığı sosial və iqtisadi nəticələr, o cümlədən köç, dolanışıq itkiləri, həmçinin dəniz və sahil resurslarına əsaslanan iqtisadiyyatların zəifləməsi kimi məsələlər də araşdırılıb.
Xanım Aydın