Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin İşçi Qrupundan Oxu.Az-a bildirilib ki, ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan "Yüksəliş"in builki final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 faizi dövlət, 42.86 faizi özəl, 2.86 faizi QHT-lərdə çalışır. Qeyd edək ki, final mərhələsi üzrə ən yüksək nəticə 19 bal olub.
Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələlərinin qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan "Qiymətləndirmə konfransı" metodu ilə həyata keçirilib. Yarımfinal mərhələsində strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən "İdarəçi rollar modeli" üzrə qiymətləndirilib.
Finalın ən yaddaqalan anlarından biri isə təşkilat komitəsinin üzvləri və mentorların iştirakı ilə baş tutan "Mentor keysi"ndə yaşanıb. Belə ki, mentorlar iştirakçılarla birlikdə İşçi Qrupunun hazırladığı "Süni intellekt və gələcəyin əmək bazarı" adlı tapşırığı yerinə yetiriblər. Maraqlı mübarizənin və fikir mübadiləsinin sonunda mentorlar iştirakçılara əlavə bal verərək qiymətləndiriblər. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün təşkilat komitəsi həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.
Qaliblərin adlarını təqdim edirik:
1. Rəhimov Teymur Azər oğlu;
2. Şamilzadə Orxan Müşfiq oğlu;
3. Əmmayev Təbriz Bilal oğlu;
4. Mustafayev Sənan Sahid oğlu;
5. Nəcəfli Cəfər Yusif oğlu;
6. Şirinli Qaraxan Bayraməli oğlu;
7. Hüseynli Kamal Həsən oğlu;
8. Həsənəlizadə Şəfəq İlham qızı;
9. Musayeva Günel Elşad qızı;
10. Yaqublu Toğrul Namiq oğlu;
11. Göyüşov Səbuhi Nizami oğlu;
12. Hüseynov İsmayıl Sayəddin oğlu;
13. İsgəndərov Orxan Elman oğlu;
14. Babazadə Salman Məhəmməd oğlu;
15. Qocayev Nicat İlham oğlu;
16. Məmmədov Ayaz Məmmədrahim oğlu;
17. Hüseynov Seymur Elşad oğlu;
18. Həsənli Aslan Yusif oğlu;
19. Qasımov Anar Aslan oğlu;
20. Məmmədxanlı Rüfət Cahangir oğlu;
21. Əsgərov Əkbər Rövşən oğlu;
22. Səmədov İnsafəli Cümeyir oğlu;
23. Fətəliyev Eyyub İlqar oğlu;
24. Məmmədov Şahlar Elman oğlu;
25. Abdullazadə Elnur Fazil oğlu.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.