"Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Baku ID" innovasiya festivalında çıxışı zamanı deyib. O bildirib ki, bunun üçün daha çox investisiya və ideyalar cəlb etməliyik:
"Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizdə yeni kontekstdə fəaliyyət qurulması ilə bağlıdır. İlk dəfədir ki, Cənubi Qafqaz ölkələrinin əməkdaşlıq edə biləcəyini düşünürəm və COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür, məncə, bu auditoriyada bunu izah etməyə ehtiyac yoxdur".
Nazir əlavə edib ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yaşıl enerji sahəsində bir sıra böyük layihələr həyata keçirilir:
"Hazırda Xəzər dənizinin problemlərinin həlli istiqamətində bir sıra işlər görülür. Bunlar hamısı ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirir".
Almaz Qasımova