"Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olub, lakin enerji məfhumu ənənəvi yanacaq mənbələrindən artıq bərpaolunan mənbələrinə keçməkdədir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.
"Azərbaycan bu sahədə öz neft və qaz ixracı ilə yanaşı, artıq yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb. Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda yeddi giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür".
Qeyd edək ki, Bakı Konqres Mərkəzində "INMerge" İnnovasiya Sammitinin ilk günü başlayıb.
Sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Bu il "INMerge" İnnovasiya Sammitində "YouTube"un həmtəsisçisi Stiv Çen iştirak edir. Eləcə də, təsdiqlənmiş spikerlər arasında "Amazon"un vitse-prezidenti və CTO-su Verner Fögels və "Avito"nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivıy da var.
Bununla yanaşı, "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetin professoru İlya Strebulayev və "Vodafone" şirkətinin region üzrə rəhbəri Yohan Hammer də spikerlər siyahısına qoşulublar.
Onlarla yanaşı, ölkəmizdən "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, "Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və"4SİM"in icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.
Aygün Mirakif