İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda tədbirdə iştirak çərçivəsində biznes nümayəndələri Ağdam Sənaye Parkı ilə tanış olublar.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qeyd edib ki, sənaye parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılıb. Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Sənaye parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq.
Qeyd edilib ki, azad edilmiş ərazilərdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq, 10 il müddətinə əmlak, mənfəət və torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli və texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verəcək.
Məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə kommunal xidmətlərdən istifadəyə görə güzəştli mexanizm, bir sıra xammal və materialların idxalı zamanı gömrük və vergi azad olmaları, eyni zamanda sosial sığorta haqlarının subsidiyalaşdırılması və əlavə güzəştlərdən də istifadə edilir.
Tanışlıq zamanı azad edilmiş ərazilərimizdəki sənaye parkları ilə bağlı videoçarx nümayiş etdirilib, həmçinin tədbir iştirakçılarına Ağdam Sənaye Parkının ərazisində ayaqqabı istehsalı üzrə ixtisaslaşan "BAFCO İnvest" MMC, divar kağızı istehsalı məqsədilə yaradılmış "Mister Decor" MMC, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlar istehsal edəcək "Metkons" MMC və s. ilə bağlı ətraflı məlumat verilib. Parkın biznes perspektivləri, qurulmuş müasir infrastruktur, dövlət dəstəyi mexanizmləri və buradakı müəssisələrin fəaliyyəti ilə tanış olan iş adamları sərmayə imkanlarını dəyərləndiriblər.