"Bu gün iqlim dəyişikliyindən danışarkən iki məsələnin üzərində daha çox dayanmalıyıq. Bunlardan biri bu mövzudakı ambisiyaları intensivləşdirmək, digəri isə xüsusən də karbon bazarları ilə bağlı əməli addımlar atmaqdır".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Qlobal Strateji Araşdırmalar İnstitutunun baş mütəxəssisi Takaşi Honqo deyib.
O bildirib ki, karbon bazarı maliyyə mexanizminin mühüm aspektidir:
"Biz gözləyirik ki, Paris Sazişinin 6-cı maddəsinə əsasən, bütün qaydalar bu il yekunlaşmalıdır. Karbon bazarı ilə bağlı qərarlara nə qədər sürətlə əməl edilsə, azalma hədəfinə də bir o qədər tez çata bilərik. Ümid edirəm ki, Maddə 6 üçün bütün qaydalar yekunlaşdırılacaq. Düşünürəm ki, bir çox maliyyə sektorları dekarbonizasiyanı irəli sürməyə çox can atırlar. Buna görə də ümid edirəm ki, sənaye maliyyə sektoru ilə birlikdə hökumətlə əməkdaşlıq edəcək və maliyyə mexanizmini irəliyə aparacaq.
"Bu, Azərbaycana ilk səfərimdir. Bakı çox gözəl şəhərdir. Həm də çox təhlükəsiz, təmiz və mehriban insanlarla zəngindir. Azərbaycanın qonaqpərvərliyini çox yüksək qiymətləndirirəm", - nümayəndə deyib.
O, Yaponiyanın üzləşdiyi təbii fəlakətlər və bunun qarşısının necə alınması ilə bağlı da danışıb:
"Yaponiyada daha çox daşqınlar olur. Bəzən də quraqlıq və yüksək temperaturdan insanlar əziyyət çəkirlər. Bu, iqlim dəyişikliyinin fəsadlarının bariz nümunəsidir. Təbii ki, iqlim dəyişikliyi qlobal problemdir, lakin bəzi ölkələrin nümayəndələri Bakıya gəlməyiblər. Amma bütün ölkələr hərəkətə keçməsə, irəlidə qarşılaşacağımız vəziyyət çox acınacaqlı olacaq. Yaxşı gələcəyə sahib olmaq üçün bütün ölkələrin bir-biri ilə əməkdaşlığına ehtiyac var".
Mərahim Nəsib