Planetimiz sürətlə yeni dövrə doğru irəliləyir. Bu inkişaf özü ilə paralel bəzi təhlükələr də meydana çıxarır. Dünyada əhalinin sürətlə artması bizi qaz və neft kimi ənənəvi enerji mənbələri ehtiyatının tükənməsi təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bundan əlavə, iqlim balansının pozulması, ekoloji aspektləri təhdid edən karbon emissiyalarına nəzarətin zəruriliyi düşünən beyinləri və bəzi ölkələri xarici enerjidən asılılığı azaltmaq üçün alternativ enerji yollarını axtarmağa sövq edib.
Enerjinin davamlı, təhlükəsiz və ekoloji cəhətdən əlverişli olması enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu səbəbdən dayanıqlı enerji təchizatının təmin edilməsi və ekoloji tarazlığın bərpa edilməsi alternativ enerji mənbələrinin inkişafından asılıdır.
Sözügedən problemləri minimuma endirmək üçün ötən əsrin sonlarından etibarən bərpaolunan yaşıl enerji mənbələrinə tələbat yarandı.
Yaşıl enerji nədir?
Yaşıl enerji - Günəş, külək, dalğa, geotermal enerji, su və digər bərpaolunan mənbələrdən alınan enerjidir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur. Bərpaolunan enerji mənbələri insan istifadəsi nəticəsində tükənmir. Bu enerji mənbələri təbii yolla yenilənir. Digər məqam isə odur ki, sözügedən enerji mənbələrindən elektrik enerjisi istehsal etdikdə ətraf mühit üçün tullantı daha az olur. Alternativ enerji mənbələrinin maya dəyəri də qənaətbəxş olur.
Bərpaolunan enerji mənbələri aşağıdakılardır:
- Biokütlə enerjisi (bioqaz);
- Külək enerjisi;
- Günəş enerjisi;
- Hidroelektrik enerji;
- Geotermal enerji;
- Dalğa enerjisi;
- Hidrogen yanacağı enerjisi;
- Qabarma-çəkilmə enerjisi;
- Dünya okeanının termik enerjisi.
Bərpaolunan enerji mənbələrinin inkişafına görə Çin dünyada 1-ci yerdə, ABŞ və Braziliya isə müvafiq olaraq 2-ci və 3-cü sıralarda qərarlaşıblar. Son 10 ildə Çin bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə tələb artımının 40%-i Çinin payına düşəcək.
Bərpaolunan enerjinin gücünə görə dünyada ilk onluqda olan ölkələr:
Mənbə: IRENA
Bərpaolunan enerji mənbələrinin istehsalına görə Çin dünyada lider olsa da, atmosferə ən çox CO2 qazı da Çin tərəfindən buraxılır. Buna görə də ölkədə karbon emissiyasının azaldılması prioritet istiqamət kimi götürülüb. Belə ki, Çin 2060-cı ilə qədər karbon emissiyasının həcmini sıfır faizə endirməyi hədəfləyir. BEA-nın proqnozuna görə, 2021-ci ildə Hindistan qlobal miqyasda bərpaolunan enerji istehsalına ən çox töhfə verən ölkə olacaq. Yaxın gələcəkdə ölkədə bir çox yeni külək və Günəş enerji stansiyalarının fəaliyyətə başlayacağı gözlənilir.
2010-19-cu illər arasında bərpaolunan enerji sektoruna üç trilyon dollar, 2019-cu ildə isə 302 milyard dollar həcmində investisiya qoyulub.
Dünyada bərpaolunan enerji sektoruna qoyulan investisiyaların həcmi:
Mənbə: Statista
Beləliklə, 2020-ci ildə enerji mənbələri arasında yeganə artım məhz bərpaolunan enerji mənbələri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünya enerji tələbatının ötən il 5% həcmində azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7% yüksəlib. Ümumilikdə isə son 10 ildə alternativ enerji istehsalının tutumunda qlobal miqyasda iki dəfədən çox artım müşahidə edilib.
Avropa İttifaqında alternativ enerji sektorunun inkişafı
Bərpaolunan enerji mənbələri Avropa İttifaqının (Aİ) enerji sistemində əhəmiyyətli rol oynayır. 2004-cü ildə Aİ ümumi enerji istehlakının 8,5%-ni bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7%-ə yüksəlib.
Aİ tarixində ötən il ilk dəfə elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payı karbohidrogen mənbələrini üstələyib. Bunun da əsas səbəbi ittifaq daxilində Günəş və külək stansiyalarının gücünün son beş ildə iki dəfə artırılmasıdır. Məhz bu səbəbdən ötən il Aİ-nin ümumu elektrik enerjisi istehsalının 20%-i, sadəcə, Günəş və külək enerjisinin payına düşüb. Kömürün payı isə 20% azalıb və 13% təşkil edib.
Avropa İttifaqında Günəş və külək enerjisi istehsalının gücü:
Mənbə: IEA
Hazırda Aİ-də yaşıl enerjiyə keçid çərçivəsində iki əsas strategiya müəyyənləşdirilib. Qeyd edək ki, Aİ karbon emissiyasını 2030-cu ilə qədər 40% azaltmağı hədəfləyirdi (1990-cı il ilə müqayisədə). Lakin ittifaq ölkələri bu ambisiyalarını 2020-ci ilin dekabr ayında 55%-ə yüksəldib. 2050-ci ilə qədər isə karbon emissiyasının sıfıra endirilməsi hədəflənir.
Azərbaycanda yaşıl enerji ilə bağlı vəziyyət nə yerdədir?
Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsindən biri də ölkədə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı tədbirlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətidir. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə hesab edilir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəflənib. Bu prioritetlərin tərkib hissəsi olaraq dövlətimizin başçısı İlham Əliyev 2023-cü il noyabrın 30-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının (COP28) rəsmi açılışında iştirak məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Ölkəmizdə alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Son tədqiqatlara görə, Azərbaycanda 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğu təsdiqlənib. Bunun üç min meqavatı külək enerjisinin, 23 min meqavatı Günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 giqavat təşkil edir. Bütövlükdə hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faizdir.
Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq, həm quruda, həm də dənizdə 25 giqavat bərpaolunan Günəş və külək enerjisinin istehsal ediləcəyi, bu həcmin 10 giqavatının "Masdar" şirkəti, 12 giqavatının "Fortescue" şirkətinin üzərinə düşməsi nəzərdə tutulub. "ACWA Power" şirkəti isə 2,5 giqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Bu prinsiplərin reallaşması üçün Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" təşkil edir.
COP29 bərpaolunan enerjiyə verdiyimiz dəyərin sübutudur
Bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək olan COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) Azərbaycanın yaşıl enerji siyasətinə verdiyi dəyərin bariz nümunəsidir. COP29 Azərbaycanın bu zamanadək ev sahibliyi etdiyi ən böyük və mühüm dövlətlərarası tədbirdir. Tədbirin keçiriləcəyi iki həftə ərzində dünyanın 190-dan çox ölkəsini təmsil edən təxminən 80-100 min nəfərə qədər tərkibdə nümayəndə heyəti Azərbaycanda olacaq. Azərbaycan bu missiyanı (COP29) yerinə yetirərkən tək özünü yox, çoxsaylı ölkələrin ekoloji təhlükəsizliyini qorumaq, çıxış yollarını tapmaq üçün mərkəz rolunu oynayacaq.
İşğaldan azad olunmuş ərazilərimizin yaşıl enerjisi
2021-ci il mayın 18-də dövlət başçısının Qarabağı yaşıl enerji zonası bəyan etməsi də təsadüf deyil. Çünki Qarabağın bərpaolunan enerji ilə bağlı önəmli potensialı var.
Gəlin mövzu ilə bağlı İlham Əliyevin bu ilin iyunun 4-də etdiyi çıxışına diqqət yetirək. O qeyd edib ki, biz 2020-ci ilin noyabrından etibarən ərazilərimizi işğaldan azad edəndən sonra artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik:
"Üç-beş il ərzində bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni 1 giqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq".
Təbii ki, ölkə başçısının açıqladığı bu rəqəmlər Qarabağın yaşıl enerji potensialının yüksək olmasından xəbər verir.
Qarabağın yaşıl enerji potensialından necə istifadə edək?
Bu məsələyə keçməzdən əvvəl dünya ölkələrinin təcrübəsini öyrənməliyik. Məsələn, bir çox ölkələrdə dövlət və ya dövlətin partnyor banklarının tərəfdaşlığı vasitəsilə vətəndaşlara özlərinə elektrik enerjisini istehsal etmək üçün faizsiz və uzunmüddətli kreditlər verilir. Rayon yerlərində yaşayan şəxslərə dövlət subsidiya ilə kredit ayırdıqdan sonra vətəndaşın evinin damı Günəş panelləri ilə örtülür. Kredit faizsiz olduğuna görə vətəndaş həm qısa müddətdə kreditini ödəyir, həm də elektrik enerjisinə pul ödəmir. Elə çox uzağa getmədən Türkiyənin təcrübəsinə baxa bilərik. Türkiyədə ev təsərrüfatları üzərindən bərpaolunan yaşıl enerjiyə keçid daha çox effekt verir. Bununla bağlı sözügedən ölkədə hüquqi baza hazırlanıb və qanunlar qəbul olunub. Hətta ev təsərrüfatları özlərinə lazım olan enerjini istehsal etdikdən sonra artıq qalan enerjini şəbəkəyə geri sata bilirlər. Məsələn, Antalya, Alaniya bölgəsində dörd milyona yaxın ailə artıq bu komponentin, proqramın iştirakçısına çevrilib.
Bizdə hələ ki bərpaolunan enerji ilə bağlı dövlət layihələri mövcuddur. Bu yatırımlara ehtiyac var, lakin effektivlik baxımından vətəndaşların prosesə qoşulması daha yaxşı olar.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27000 mVt olaraq dəyərləndirilir. Bunun 23000 mVt-ı Günəş, 3000 mVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə bütün ölkə ərazisində layihələri həyata keçirə bilərik. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır.
Bundan əlavə, bioqazlardan da istifadə etmək mümkündür. Bu qazlar məişət tullantıları ilə yanaşı, toyuq peyininin emalı ilə də əldə edilir. Toyuq peyini torpaqlarda şoranlığa səbəb olduğu üçün kənd təsərrüfatı üçün yararsız sayılır. Ancaq bu gübrə bioqaza çevrilərək iqtisadi baxımdan faydalı ola bilər. Eyni zamanda, bioqaz istehsal edərkən ondan gübrə almaq da mümkündür. Sözügedən gübrələr həm kimyəvi gübrələri əvəz edə, həm də əlavə gübrə kimi istifadə oluna bilər. Bu da öz növbəsində kənd təsərrüfatında torpağın məhsuldarlığının artmasına və bitkilərin xəstəliklərə qarşı daha müqavimətli olmasına töhfə verə bilər.
Ekspert rəyləri
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı Oxu.Az-a danışarkən bildirib ki, ilkin qiymətləndirməyə görə, Qarabağın Günəş enerjisi potensialı 4000 mVt, külək enerjisi potensialı isə 500 mVt-dır:
"Günəş enerjisinin potensialı, əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisinin potensialı isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin ortaillik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığını nəzərə alsaq, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayıla bilər.
Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpaolunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyir. Atılan əsaslı addımlar nəticəsində son illərdə ölkədə alternativ enerji mənbələrinin istehsalında kəskin artım müşahidə edilir. Belə ki, 2013-19-cu illər ərzində külək enerjisinin istehsalı 131 dəfə artaraq 0,8 milyon kVt/saatdan 105,4 milyon kVt/saata yüksəlib".
İllər üzrə Azərbaycanda külək enerjisinin istehsalı:
Mənbə: AR Dövlət Statistika Komitəsi
Digər tərəfdən, 2013-19-cu illər arasında ölkədə Günəş elektrik stansiyalarının istehsal həcmi 55 dəfə artaraq 0,8 milyon kVt/saatdan 44,2 milyon kVt/saata yüksəlib.
Cari ilin aprel ayında Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 mVt gücündə Günəş elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da öz növbəsində 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, habelə yeni investorların digər layihələrə cəlbinə yol açacaq.
Azərbaycanda Günəş enerjisinin istehsalı:
Mənbə: AR Dövlət Statistika Komitəsi
V.Bayramov əlavə edib ki, Qarabağa xarici sərmayənin cəlb edilməsi regionda yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Alternativ enerji sektoru əmək tutumu yüksək olan bir sektordur və məşğulluğun artırılması baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, Qarabağda bərpaolunan enerji sektorunun inkişafı regionda yeni iş yerlərinin açılmasına zəmin yaradacaq. Proses nəticə etibarilə məcburi köçkünlərin Qarabağa geri qayıtma prosesini daha da sürətləndirəcək.
Qarabağda istehsal ediləcək alternativ enerji qurğuları qonşu ölkələrə ixrac edilərək ölkənin ixrac potensialını artıra bilər. Çünki Azərbaycanın ətrafında olan ölkələrin əksəriyyəti neft və təbii qaz istehlakından həddindən artıq asılı olan ölkələrdir.
Beləliklə, Azərbaycan, əsasən, Günəş və külək enerjisinin istehsalında istifadə olunan qurğuları istehsal etməklə həm daxildə alternativ enerji istehsalını kommersiya baxımından daha səmərəli edə, həm də xarici ölkələrə sataraq ixrac gəlirlərini artıra bilər. Bütün bunlar ölkədə kiçik və orta biznes subyektlərinin inkişafına və məşğulluq səviyyəsinin yüksəlməsinə təkan verə bilər".
İqtisadçı Xalid Kərimli isə məsələyə belə yanaşıb:
"Azərbaycanda su elektrik stansiyaları hər zaman fəaliyyət göstərib. Məsələn, Mingəçevir, Şəmkir, Yenikənd, Füzuli, Taxtakörpü, Sərsəng və sairi nümunə göstərə bilərik. Son dönəmlər İranla birgə qurduğumuz Araz su anbarı da buna əyani nümunədir.
Ancaq zaman ötdükcə həm külək, həm də Günəş enerjisindən istifadə imkanları genişlənir. Bu baxımdan, alternativ enerji mənbələrinin artırılması labüddür.
Bakıda və Abşeron yarımadasında qazla işləyən elektrik stansiyaları var. Ancaq işğaldan azad edilmiş ərazilərimiz yenidən bərpa olunduğuna görə burada səmərəli planlaşdırma imkanları var. Ona görə də ilk istiqamət kimi Şərqi Zəngəzur və Qarabağ seçilir. Texnoloji faktorlar imkan verir ki, Qarabağda çox da baha olmayan, ənənəvi üsullardan fərqli, alternativ, tükənməz mənbələrlə elektrik istehsal edə bilək. Bu, həm də uzunmüddətli dönəmdə daha faydalı olacaq.
Qarabağda gursulu dağ çayları mövcuddur. Şərqi Zəngəzurda külək Bakıda və Abşeron yarımadasındakı kimi səmərəli deyil. Amma Günəş və su elektrik stansiyalarının effektivliyi daha böyükdür. Burada potensialdan istifadə imkanlarına baxmalıyıq. Qarabağda hazırda su elektrik stansiyaları və Günəş panelləri qurulur. Cəbrayılda bp şirkətinin tikəcəyi 240 meqavat gücündə Günəş elektrik stansiyası ilə bağlı işlər gedir.
Bu sahə bizim üçün yenidir. Məqsədimiz 100 faizlik alternativ enerji mənbələrinə keçid deyil. Çünki bu, dayanıqlı olmaz. Ölkənin əsas məqsədi yaxın beş-altı il ərzində alternativ enerji mənbələrindən istifadəni indiki 5 faizdən 30 faizə qədər artırmaqdır.
Bu enerji mənbələrinin Avropaya satışını da düşünməliyik. Satış isə Naxçıvan üzərindən Türkiyə və Avropaya, Qara dənizin dibindən Rumıniya və Macarıstana planlaşdırılır. Amma buna ciddi investisiyalar lazımdır. Təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır".
Nəticə olaraq bütün yükü müvafiq qurumların üzərinə yıxmaqla sosial məsuliyyətdən yan keçməməliyik. Üzərimizə düşən hər bir məsuliyyəti dərk etməli, yaşıl enerjinin dövlətimizə və bizə qazandıracağı perspektivləri anlamalı və bu istiqamətdə əlimizdən gələni etməliyik. Yaşıl enerji sağlam mühit deməkdir, sağlam mühit isə sağlam gələcəkdir. Türkiyə ədəbiyyatının ən parlaq siması Əziz Nesinin dediyi kimi: "Çirkli təbiət insanın ruhunu, çirkli ruhlar isə ətrafı çirkləndirər!"
Məhərrəm Əliyev