Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 14-nə təyin edilib.
Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Klerk Teqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər isə 6 min 800 manat cərimə cəzasına məhkum olunublar. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı Han Paul, Yeni Zelandiya vətəndaşı De-Saint Quent İsmael və Fransa Respublikasının vətəndaşı Klerk Teqo Hüqonun 2024-cü il martın 30-da gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.
Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Klerk Teqo Hüqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs olunub, digərləri barəsində isə həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.
Rəylər