Bakıda əlil sərnişini döyən 162 saylı avtobusun sürücüsünə cəza verilib.
"Qaynarinfo"nun məlumatına görə, hadisə 2024-cü il avqustun 16-da, günorta saatlarında baş verib.
Belə ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində V.D. əlilliyi ilə əlaqədar arxa qapıdan avtobusa minmək istəyib. Zərərçəkmiş şəxs qapının şüşəsini əli ilə döysə də, avtobusun 1990-cı il təvəllüdlü sürücüsü B.H. onu açmayıb. Bu səbəbdən əlil sərnişin çətinliklə ön qapıya gələrək sürücüyə "İnsafın olsun, niyə arxa qapını açmırsan" deyib.
Sürücü əsəbi halda avtobusdan enərək, onu ağız nahiyəsindən vurub. Nəticədə zərəçəkmiş şəxs yerə yıxılıb, sərnişinlər onu ayağa qaldırıblar. Sərnişinin şikayəti əsasında sürücü saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə sürücü günahını boynuna almayıb, zərərçəkmiş isə hakimdən onu bağışlamağı xahiş edib.
Məhkəmənin qərarı ilə B.H.-ya 10 ay 28 gün müddətinə islah işləri cəzası təyin edilib.
Rəylər