Qazaxda həmkəndliləri Qabil Rəhimova qarşı quldurluq edərək, onun 13,5 milyon rubl pulunu aparan qardaşların məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuru və Yusif Quliyev (soyad şərtidir) qardaşları hərəsi 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət hadisəsi isə 2022-ci ilin yanvarında baş verib. Qardaşlar quldurluq etmək üçün əməlli ssenari fikirləşiblər ki, buna da daha çox filmlərdə rast gəlmək mümkündür.
Belə ki, hadisə günü Yusiflə Nuru valyuta mübadiləsi ilə məşğul olan həmkəndlilərini təqib ediblər. Qazax-Ağstafa yolunda isə idarə etdikləri BMW markalı avtomobillə zərərçəkənin Vaz-2107 markalı maşınını arxadan vurublar.
Qabil Rəhimov qəzanın arxadan gələn avtomobilin sürücüsünün yuxu tutması səbəbi ilə baş verdiyini düşünsə də, realda tamam fərqli mənzərə görüb.
Belə ki, arxa maşından düşən qardaşlar küt alətlə həm Qabilə, həm də avtomobildə əyləşən dostuna zərbə yetirib və onları ölümlə hədələyiblər.
Bu zaman qardaşlardan biri maşında olan 13,5 milyon rublu (təxminən 300 min manat) götürüb. Bundan sonra qardaşlar Bakıya, zərərçəkən isə ona qarşı quldurluq edənlərin atasının evinə gedib. O, Nuru və Yusifin atasına baş verən hadisəni nəql etsə də, valideyn bundan xəbərsiz olduğunu deyib. Bundan sonra Qabil Rəhimov polisə müraciət edib.
Qardaşlar isə mənimsədikləri pulla Bakıda özlərinə ev, "Porsche", "İnfiniti" markalı avtomobillər və bahalı telefon alıblar. 33 və 35 yaşlı təqsirləndirilən şəxslər tutulana qədər bütün pulları xərclədiyini bildiriblər.
Məhkəmə isə özgə pulu ilə alınan mülklərin zərərçəkmişə dəymiş ziyanın ödənilməsinə dair qərar çıxarıb.
Rəylər