"Porsche" onlayn mağazasında yeni geyim və aksesuarlar kolleksiyası üçün sifariş açıq elan edilib.
Geyim və aksesuarlar bu il 50 yaşı tamam olan ənənəvi "911 Turbo"nun damalı üslubunda hazırlanıb. Yeni məhsulları tanıtmaq üçün "Porsche" klassik kupenin renderini orijinal rəngdə (livriyasında) yaradıb.
Bu barədə Oxu.Az Auto.ru-ya istinadən xəbər verir.
Dama rəngli avtomobil yalnız renderlərdə mövcuddur. Bu, "Porsche"nin "911 Turbo" modelinin yarım əsrlik yubileyinin qeyd edilməsi çərçivəsində simvollardan biri kimi icad edilib. Rəngləmə modelə xas olan salonun damalı parçadan interyerini təkrarlayır.
Tarixçədə bildirildiyi kimi, ilk "Turbo"nun yaradılması zamanı "Porsche"nin baş dizayneri Anatol Lapin olub. O, damalı "şotland tartanı" şalvarını geyinirdi. Bu bəzəkdən yeni modeldə istifadə etmək qərarına gəliblər. Lakin geyim üçün olan parça avtomobil üçün yararsız olub. Bu zaman brendin stilisti Doroteya Myuller-Qudvin tələb olunan keyfiyyət səviyyəsinə malik təchizatçı tapıb.
Damalı interyer ilk dəfə 1973-cü ildə nümayiş etdirilən "911 RSR Turbo" konseptində ortaya çıxıb. Bir il sonra "911 Turbo" (əvvəllər "930 Turbo" adlanıb) eyni bəzəklə istehsala buraxılıb. Üç fərqli rəng variantı təklif edilirdi: "Black Watch" (göy, yaşıl və qara), "McLaughlin" (qırmızı və göy) və "Mackenzie" (bej, qırmızı, göy, ağ və zeytun yaşılı).
Yeni kolleksiyaya müxtəlif geyim əşyaları və aksessuarlar daxil edilib ki, bunlardan ən sərfəli olanlardan biri 25 avroya espresso fincanıdır. Qiymət baxımından zirvədə isə 10 950 avroya məhdud buraxılışlı xronoqraf qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl "Porsche"nin "911 Turbo 50 Years" xüsusi versiyası təqdim edilmişdi. O, bir sıra unikal xarici aksentlərlə və eyni damalı xüsusi daxili bəzəklərlə təchiz edilib. Texniki baxımdan avtomobil "Turbo S"in standart modifikasiyasıdır.