Dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbə qarşı yeni cinayət işi başlanıb.
"Qafqazinfo"nun məlumatına görə, idmançı bu dəfə də dələduzluqda ittiham olunur.
Səbuhi Rəcəb bir müddət əvvəl dələduzluğa görə həbs edilmiş kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. İş üzrə səkkiz nəfər zərərçəkmiş qismində tanınıb. S.Rəcəb və E.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, S.Rəcəb bundan əvvəl üç nəfərə qarşı dələduzluqda ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmü ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Bu dəfə də onun işi təsadüfən hakim Ə.Məmmədovun icraatına verilib. Qanunun tələbinə görə iş ondan alınaraq başqa hakimin icraatına veriləcək.