Auditorlar Palatasının sabiq əməkdaşları Vəli Rəhimov, Fəridə Novruzova və Gövhər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Auditorlar Palatasının idarə rəisi Elnur İbrahimov nümayəndə kimi məhkəmədə ifadə verərək bildirib ki, "aşkarlanan çatışmazlıq rəhbərlik tərəfində verilən göstəriş əsasında aparılmış yoxlamalar zamanı aşkar olunub. Ümumilikdə 717 min manat çatışmazlıq ortaya çıxıb.
Prokurorluğun palatada apardığı yoxlamalar zamanı baş mühasibatlıqda maliyyə pozuntusunun olmasına görə protokollar tərtib edilərək ortaya əsaslar qoyulub.
Vəli Rəhimov baş mühasib, Gövhər Əhmədova isə onun çalışdığı idarədə əməkdaş olub. O, komissiyanın araşdırması zamanı özü şəxsən 74 min manat mənimsədiyini etiraf edib. Yoxlamalarla bağlı palata tərəfindən təşkil olunmuş komissiyanın Vəli Rəhimovla bağlı hər hansı bir iddiası yoxdur. Sadəcə prokurorluğun apardığı araşdırmalardan belə bir nəticə ortaya çıxıb".
Təqsirləndirilən Gövhər Əhmədova palatanın nümayəndəsinə "komissiyanın araşdırmalarında baş mühasib Vəli Rəhimovun adını gizlətməyiniz nə məqsəd daşıyır?" - sualını Elnur İbrahimov cavablandırmaqdan yayınıb. Gövhər Əhmədova baş mühasiblə bağlı komissiyaya konkret faktlar təqdim etdiyini də deyib.
Təqsirləndirilən Vəli Rəhimov isə bunlara münasibətini bildirərək vurğulayıb ki, onunla bağlı prokurorluğa saxta sənədlər təqdim olunub, bunun da əsasında ona qarşı mənimsəmə ittihamı irəli sürülüb.
Sonda prosesin sədri hakim Elnur Nuriyev təqsirləndirilən Gövhər Əhmədovaya xəbərdarlıq edərək, ona məhkəmə əməkdaşları tərəfindən edilən çağırış zənglərinə nəzakətlə cavab verməsini tövsiyə edib.
Növbəti proses noyabrın 1-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
İş üzrə zərərçəkmiş kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
Elgün Həsənli
Rəylər