Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" olmuş Ruben Vardanyanın həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, R.Vardanyan vəkili ilə birgə prosesdə iştirak edib. Onlar həbs qərarının ləğv edilməsini xahiş ediblər.
Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi R.Vardanyanın barəsində cinayət işinin materiallarını tədqiq edib, işin hallarını araşdıraraq yekun qərarını elan edib.
Qərara görə, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.
Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin general-mayoru, 2020-2022-ci illərdə qondarma "Dağlıq Qarabağ respublikasının müdafiə ordusu" adlandırılan qanunsuz silahlı birləşmədə "komandanın birinci müavini" olmuş, çoxsaylı terror aktlarına, silahlı hücumlara rəhbərlik etməsinə və digər cinayət əməllərinə əsaslı şübhələr olan Manukyan David Azatinin şəxsən idarə etdiyi nəqliyyat vasitəsində Qarabağdan qaçarkən Laçın rayonu ərazisində tutulub Bakıya gətirilərək istintaqa cəlb edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ilkin ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Məlum olduğu kimi, BBC və digər xarici media qurumları bir müddət əvvəl Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmiş, beynəlxalq təşkilatların bu barədə hesabatlarını yaymışdılar.
Rəylər