2023-cü ilin sentyabrında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən keçmiş qondarma rejimin "dövlət naziri" Ruben Vardanyan Cinayət Məcəlləsinin "Terrorçuluğu maliyyələşdirmə", "Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə" və "Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə" maddələri üzrə ittiham olunsa da və onun həbsinin üzərindən bir il keçsə də, Amerika Birləşmiş Ştatlarında və digər Qərb ölkələrində ona işləyən PR maşınları ermənidən daha çox erməni prinsipi ilə onun reklamını aparmağa davam edirlər. Uzun müddət Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-nin "Edelman" PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat da yayıb.
Əslində, Vardanyanın piarına onun həbs olunduğu gündən start verilib. Daha doğrusu, Qərb ondan bu istiqamətdə çirkin planını həyata keçirmək üçün alət kimi istifadə edir. Xüsusən də USAID-ə rəhbərlik edən Samanta Pauerin Vardanyanla çox isti münasibətlərinin olması bu reklamda əlahiddə rol oynayır. Əbəs deyil ki, 2018-ci ildə Pauer Vardanyanın təsis etdiyi "Avrora" mükafatına layiq görülüb və ona faktiki olaraq bir milyon dollar pul verilib. Bir sözlə, Qərb separatçıların rəhbərlərini hər vəchlə dəstəkləməyə və onların üzərindən məkrli planlarını həyata keçirməyə çalışır və görünən odur ki, bu fəaliyyəti daha da intensivləşdiriblər.
Mövzu ilə bağlı Oxu.Az-a danışan "Atlaz" Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Amerika Birləşmiş Ştatlarında müxtəlif qrupların Ruben Vardanyana azadlıq tələb etməsi gülləni öz ayağına vurmaq deməkdir:
"Bu, ABŞ-nin maraqlarına da ziddir. Çünki Ruben Vardanyanın keçmiş Rusiya vətəndaşı olaraq müxtəlif maliyyə maxinasiyalarında adı keçirdi. ABŞ də bu istiqamətdə bir çox rusiyalı oliqarxı nəzarətdə saxlayırdı. Çünki onların pulları da Ukrayna müharibəsinə dəstək kimi qiymətləndirilirdi. Ruben Vardanyanın da bu kimi siyahılarda adı keçirdi. İndi belə çıxır ki, ABŞ sanksiya siyahısına salmağa çalışdığı bir şəxsə azadlıq tələb edir".
Ekspert bildirib ki, Ruben Vardanyanla bağlı ziddiyyət tək bununla bitmir:
"Məsələn, elə Ermənistanın özünü götürək, keçmiş illərdən bu yana ABŞ Azərbaycana qarşı bu ölkəyə dəstək verib. Halbuki, Ermənistanda Rusiyanın hərbi bazaları var, Rusiya sərhədçiləri Ermənistanın sərhədlərini qoruyurlar. Üstəlik, Ermənistan bu gün Paşinyanın sayəsində qərbyönümlü siyasət yürüdürsə, rusiyayönümlü siyasi xətt tutan Robert Koçaryan və Serjik Sarqsyana da Qərbin dəstəyi nümayiş olunub. Ruben Vardanyana da dəstək bu mənanı daşıyır. Lakin onu bu şəkildə azadlığa çıxara bilməyəcəklər. Aydındır ki, onun üzərində ittiham var və məhkəmə prosesi davam edir".
"Maraqlıdır ki, Vardanyan Rusiya vətəndaşı olsa da, heç Rusiyadan da ona dəstək yoxdur. Yalnız ailə üzvləri onu nəzarətdə saxlayırlar. Bir də kənardan ara-sıra saxta məlumatlar vasitəsilə onu diqqət mərkəzində tutmağa çalışırlar. Amma ümumi anlamda ona geniş diqqət yoxdur. Bu isə o deməkdir ki, Ruben Vardanyandan saxta yollarla Nelson Mandela düzəldə bilməyəcəklər. Bu baxımdan, hesab edirəm ki, bu cür qrupların bir qədər fəallaşması separatçılar üzərindəki ittihamların aradan qaldırılmasına zərrə qədər də təsir etməyəcək".
Mərahim Nəsib