"Vidadi Zeynalovun cəzası 13 ildən 4 ilə endirilibsə və 2015-ci ildə həbs edildiyi nəzərə alınaraq, o, şərti azadlığa çıxa bilər.
Oxu.Az xəbər verir ki, bu sözləri Axar.az-a hüquqşünas Aqil Layıcov "Rabitə işi" üzrə qərarda təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalovun əmlakının üzərinə qoyulan həbsin götürülməsi, cəzasının 13 ildən 4 ilə endirilməsindən sonra azadlığa çıxma ehtimalı barədə danışarkən deyib.
Hüquqşünasın sözlərinə görə, əslində, V.Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 13 il müddətinə azadlıqda məhrum edilmişdisə, o, hökmün dörddə bir hissəsini yatmalı idi: "Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və cəzası 4 ilə endirilibsə, 2015-ci ildə həbs edildiyini nəzərə alaraq, ümumi hesabla cəzasının 2 ilini yatıb. Cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa çıxa bilər. Böyük ehtimalla, Vidadi Zeynalov yaxın günlərdə azad ediləcək".
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.
Dünən V. Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilib.
E.Ə.
www.oxu.az
Rəylər