Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ən zəif yerlər: Çin maşınları ən çox haradan paslanır? - Mütəxəssisdən AÇIQLAMA
Bir çox avtomobil həvəskarları hələ də müasir Çin avtomobillərinin tez çürüdüyünü və kiçik zədələrdən sonra paslandığını düşünürlər. Lakin bu, reallıqdan daha çox mifdir.
Oxu.Az-ın "Tarantas Nyus"a istinadla verdiyi məlumata görə, avtomobil mütəxəssisi Aleksandr Smit bildirib ki, Çin avtomobilləri haqqında bu fikir köhnə dövrlərə əsaslanır.
Onun sözlərinə görə, 2012-ci ilə qədər "Lifan", "Chery", "Geely" və "Brilliance" kimi şirkətlər tərəfindən istehsal edilən modellər, həqiqətən də, zəif korroziya müdafiəsinə malik idi. Lakin son on ildə vəziyyət köklü şəkildə dəyişib.
"Geniş yayılmış fikrin əksinə olaraq, müasir Çin avtomobillərinin boya-lak örtüyünün (BLÖ) qalınlığı Avropa avtomobillərindən demək olar ki, geri qalmır. Boya və lak qatının qalınlığı adətən 100-150 mikron təşkil edir və Avropa zavodlarındakı kimi eyni robotlar və texnologiyalar vasitəsilə çəkilir. Maraqlıdır ki, Yapon avtomobillərində bu göstərici hətta daha aşağıdır", - deyə ekspert əlavə edib.
Lakin korroziyadan müdafiə məsələsində vəziyyət birmənalı deyil.
"Kaiyi", "BAIC" və "Changan" kimi markaların ucuz modelləri ya yalnız qismən sinklənmiş hissələrə malikdir, ya da ümumiyyətlə belə qoruma tətbiq olunmur. Bunun əksinə olaraq, "Geely Coolray" kimi daha bahalı avtomobillər sinklənmiş qanadlar, qapılar və qapı çərçivələrinə malikdir. Ancaq dam, kapot və baqaj çərçivəsi korroziyaya qarşı qorunmur. Bu hallar "Omoda C5" və "S5", "Chery Tiggo 4" və "Changan CS35" modellərində də müşahidə olunur.
Buna görə də, Çin avtomobillərinin sahibləri tez-tez əlavə antikorroziya emalı və kuzovun qoruyucu plyonka ilə örtülməsi üçün müraciət edirlər.
"Antikorroziya emalı ən çox avtomobilin altına, təkər qövslərinə, qapıların daxili səthinə və baqaj qapısına tətbiq olunur. Qoruyucu plyonka ilə örtülən ən populyar yerlər isə ön şüşənin dirəkləri, qanadlar, bamper, kapot və damdır. Bu yerlər əsasən təkərlərdən sıçrayan daşlar, çınqıl və ya şiplərin təsirinə məruz qalır", - deyə Aleksandr Smit vurğulayıb.