Ötən gün Bakıda məşhur rusiyalı qiraətçi, yeddi kitab müəllifi, "LitGost" layihəsinin rəhbəri, 2023-cü ildə Rusiyada kitabı ən çox satılan şair Dmitri Kravçenkonun konserti keçirilib.
Bakıda ilk dəfə konserti baş tutan Dmitri Kravçenko təşkilatçılardan narazılıq edərək, ona konsert üçün ödənişin edilmədiyini bildirib. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.
Konsert Beynəlxalq Muğam Mərkəzində baş tutsa da, Mərkəz özünün sosial şəbəkə hesabından baş verən xoşagəlməz hadisə ilə bağlı məsuliyyət daşımadığını və sualların təşkilatçılara ünvanlanması ilə bağlı paylaşım edib.
Konsertdə iştirak edən şəxslərdən Oxu.Az-a verilən məlumata görə, sözügedən konsert başlamazdan öncə təşkilatçılar biletlərin satılmadığı barədə Dmitri Kravçenkoya məlumat veriblər:
"Mən bildiyim qədər ilə, biletlər satılmayıb. Təxminən 50-100 bilet satılıbmış. Qonaqların bir qismi demək olar ki, dəvətnamə ilə gəliblər. Konsert başlamazdan öncə D.Kravçenkoya bildirilib ki, ödəniş edilməyəcək. Çıxış edib və ya etməmək onun öz qərarı olub. O isə səhnəyə çıxaraq 1 saatlıq çıxışını edib. Çıxışının sonunda "Прощай Баку" (Əlvida Bakı!) şeirini səsləndirib və konsert təşkilatçılarının ona heç bir ödəniş etmədiyini deyib".
Təşkilatçılar isə Oxu.Az-a açıqlamalarında bildiriblər ki, ilk gündən bütün danışıqlar və şərtlər D.Kravçenko ilə yox, onun menecerləri ilə razılaşdırılıb:
"Biz konsert barədə onun menecerləri ilə danışmışıq. Şərtləri və digər bütün məqamları onunla müzakirə etmişik. Onlar hələ Moskvada olanda əlaqə saxlamışıq və mövcud vəziyyəti izah etmişik. Onlara təklif edildi ki, konsertin günün dəyişə və ya ləğv edə bilərik. Çünki öncədən də qeyd edilən şərtlər gözlənilən kimi nəticə vermədiyindən ödəniş olunmayacaq. Lakin onlar konsertin ləğv edilməsini istəmədilər və öz seçimləri ilə çıxış etməyə gəldilər. Konsert zamanı bu kimi xoşagəlməz çıxış etmələri təəssüf doğurub. Çünki ortada hər hansı anlaşılmazlıq varsa, bu, bizdən deyil, onların öz aralarındakı dialoqdan qaynaqlanıb".
Könül Cəfərli
Rəylər