Mədəniyyət paytaxtımız Şuşa şəhərində növbəti Vaqif Poeziya Günlərinə start verilib.
Oxu.Az xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Vaqif Poeziya Günlərinin açılışı Şuşa şəhərində yerləşən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olub.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazirin müavini Fərid Cəfərov, eləcə də İlqar Fəhmi, Rəşad Məcid, Çingiz Abdullayev, Səlim Babullaoğlu, Elmira Axundova, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Natiq Rəsulzadə, İsa Həbibbəyli, AYB-nin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar, həmçinin digər qonaqlar iştirak ediblər.
Ədəbi-bədii kompozisiyanı musiqi nömrələri, həmçinin qiraətçilərin ifasında şeirlər daha da rəngarəng edib.
Qeyd edək ki, bu il ilk dəfə olaraq tədbirə Şuşa sakinləri də qatılıblar.
Xatırladaq ki, 1982-ci ildən 1991-ci ilədək Şuşa və Qazaxda keçirilən Vaqif Poeziya Günləri Vətən müharibəsindən sonra 2021 və 2023-cü illərdə Şuşada təşkil olunmuşdu.
Xanım Aydın