Fransa Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə davam edir. Paris və İrəvan Ermənistana 36 CAESAR haubitsasının tədarükü haqqında saziş imzalayıblar. Fransanın Ermənistana silah satması ilə bağlı sövdələşməni şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq bəyan edib ki, Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmaya təhrik edir.
Daha sonra onlarla fransalı ictimai xadim Prezident Emmanuel Makrona müraciət edərək, onu Fransa qoşunlarını Ermənistana göndərməyə dəvət ediblər. Onların sözlərinə görə, bilirlər ki, Makron bu məsələnin şəxsən marağındadır.
"Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Dmitri Trenin Oxu.Az-a şərhində qeyd edib ki, Fransa, həqiqətən də, əsgərlərini harasa göndərmək istədiyi təəssüratı yaradır:
- Bu, hərbi imkanlar sayəsində Avropa İttifaqındakı tərəfdaşlardan, ilk növbədə Almaniyadan yuxarı qalxmaq cəhdidir. Bununla belə, mən düşünmürəm ki, texnologiyanı öyrətmək üçün Ermənistana simvolik kontingent və təlimatçılardan başqa nəsə göndərmək olar.
- Ötən gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin maraqlı açıqlama verdi. Onun fikrincə, Ermənistanın ABŞ və NATO-nun "kağız çətiri" altında Qərb sxemlərinə keçməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də Ermənistanla Rusiya arasında vahid müdafiə məkanının saxlanmasını, sadəcə olaraq, qeyri-mümkün edəcək.
- Bu, yaxşı müqayisədir, çünki "çətir", həqiqətən, kağızdandır. Ancaq indi ciddi bir məsələyə diqqət edək: Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərar artıq İrəvanda qəbul edilib. Ermənistanda yerləşən Rusiya Müdafiə Nazirliyinin 102-ci hərbi bazası və Türkiyə ilə sərhəddə Rusiya sərhədçiləri ilə bağlı İrəvanla Moskva arasındakı ikitərəfli razılaşma hələ qüvvədədir. Vəziyyətin gedişatını izləyəcəyik.
Əgər Rusiya ilə əlaqələr kəsilərsə, məntiqi olaraq, bu, Ermənistanın Türkiyə ilə barışmasını, özü də Türkiyənin maraqlarını nəzərə alaraq, tələb edir. Düzdür, hələ ki, bu baş verməyib, amma artıq tendensiya yaranıb. Fakt budur ki, Ermənistanın həyat qabiliyyəti daha çox Rusiya ilə iqtisadi əlaqələrin saxlanmasından asılıdır.
- Fransaya qayıdaq: Bakıda Parisin Cənubi Qafqazdakı fəaliyyətini təxribat adlandırırlar...
- Qərbin hərbi personalını Cənubi Qafqaza cəlb etmək cəhdləri təkcə Bakıda deyil, Tehranda da narahatlıq doğurur. Moskva ABŞ və müttəfiqlərinin burada (Ermənistanda - red.) Rusiyaya qarşı "ikinci cəbhə" təşkil etmək cəhdlərini də diqqətlə izləyir. Gürcüstanda bu hələ mümkün deyil, amma insanlar (Qərbdə - red.) israrlıdırlar, bu istiqamətdə çalışırlar.
Nair Əliyev