Bu gün Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinin yaradılmasından 32 il ötür.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi hissə 1992-ci il mayın 22-də yaradılıb. Hərbi hissənin formalaşmasında Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin şəxsi heyəti iştirak ediblər.
Birinci Qarabağ müharibəsi dövründə hərbi hissənin şəxsi heyəti Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini məhv edib, silah və texnikasını sıradan çıxarıb, uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli mövqeləri düşməndən azad ediblər. Ümumilikdə şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Ötən müddətdə hərbi hissənin hərbi qulluqçuları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və yüksək nailiyyətlər qazanıblar.
Bundan başqa, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə hərbi hissənin şəxsi heyəti düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də HDQ-nin "N" hərbi hissəsi böyük şücaət göstərib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edib.
Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbi hissənin şəxsi heyəti mühüm strateji əhəmiyyətli obyektlərin mühafizə və müdafiəsini təşkil edib.
Bu gün hərbi hissə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
Bu gün HDQ-nin "N" hərbi hissəsinin yaradılmasından 32 il ötür
Rəylər