"Qarabağa səfərimiz zamanı çoxlu dağıntılar gördük, eyni zamanda irimiqyaslı bərpa işlərinin də şahidi olduq".
Bu sözləri "Report"a ABŞ-dən olan səyyah Dayana Peçenik (Diane Pechenick) deyib.
"Bu, Azərbaycana ikinci, Qarabağa isə ilk səfərimdir. Bura çox gözəl yerdir, mən buraya yenidən gələrdim", - deyə o bildirib.
Səyyahın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir.
"Bərpa işləri davam etsə də, hesab edirəm ki, siz həqiqətən belə qısa müddət ərzində böyük uğur əldə etmisiniz", - deyə Peçenik qeyd edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində davam edən mina təhlükəsindən danışan səyyah bunun böyük problem olduğunu qeyd edib:
"Bu, faciəli vəziyyətdir, minalardan təmizləmə prosesi onilliklərlə davam edə bilər".