Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günüdür.
Cəbrayıl Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla təsis edilib.
Oxu.Az xatırladır ki, bu əlamətdar gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün şəhərin erməni işğalçılardan təmizlənməsindən dörd il ötür.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət rayonda 52 604 nəfər yaşayırdı. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin gedişatında, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndinin işğaldan azad olunduğunu elan edib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun bir şəhəri və 90 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən altı gün sonra - 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar.
Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
2024-cü il sentyabrın 26-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
İndiyədək 117 ailənin (364 nəfər) Cəbrayıl şəhərində məskunlaşması təmin edilib.
Xatırladaq ki, Qarabağ bölgəsində yerləşən Cəbrayıl rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. 1963-cü il yanvarın 4-də ləğv edilərək Füzuli rayonuna birləşdirilib. Amma çox keçmədən - 1964-cü il iyunun 17-də yenidən müstəqil rayon statusu qazanıb.
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır.
2021-ci il iyulun 7-də Azərbaycan Prezidentinin imzaladığı fərmanla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilib.