Oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilən qətnamə, eləcə də bu qurumda baş tutan müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, etiraz notasında Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.
Həmçinin, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.
Bununla yanaşı, Avropa İttifaqı tərəfindən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinməsi tələb olunub.