Avqustun 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Görüşdə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Bildirilib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etibarlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələr strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da möhkəmlənir.