İran Aviasiya Təşkilatı ölkədəki aviaşirkətlərə Azərbaycan dilində salamlama və anonsların qadağan olunması ilə bağlı qərar verib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə qurumun sözçüsü Cəfər Yazərlu bəyan edib.
Bildirilir ki, o, Şərqi Azərbaycana məxsus "ATA" aviaşirkətinin təyyarə bələdçisinin "xoş gəldiniz" anonsunun türk dilində səsləndirməsində heç bir xüsusi niyyət olmadığını açıqlayıb.
"Bundan sonra hər hansı anlaşılmazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "xoş gəlmişsiniz" deyilməməli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar qarşılanmamalıdırlar", - deyə Cəfər Yazərlu vurğulayıb.
Onun sözlərinə görə, təyyarə bələdçisinin bu ifadəsinin sosial şəbəkələrdə paylaşılması bir sıra tənqidlərlə qarşılanıb.
Qeyd edək ki, videonu paylaşan "ATA" aviaşirkətinin sahibi güneyli Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldin" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib: "Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?", - deyə Zunuzi əlavə edib.