"Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib".
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilən beynəlxalq konfransda çıxışı zamanı müstəmləkəçilik və antiimperialist mövqeləri ilə tanınan panafrikan siyasi fəal, jurnalist Kemi Seba deyib.
O bildirib ki, Fransa özündəki qanun pozuntularına məhəl qoymur, amma başqa ölkələrdə insan haqları ilə bağlı məsələlərə müdaxilə edir və tövsiyələr verir:
"Azərbaycan isə artıq bundan yorulub. Çünki Fransa hakimiyyəti digər dövlətləri tənqid etməklə yanaşı, həm Afrika qitəsində, həm də diasporda xüsusilə afrikaəsilli əhaliyə qarşı insan hüquqlarını tez-tez pozur. Fransa nəinki digər ölkələrə şərtlər diktə etməyə çalışır, həm də keçmiş müstəmləkələrinin üzləşdiyi problemlərə məhəl qoymur".
"Lakin rəsmi Bakı müstəmləkəçilik probleminin qlobal səviyyəyə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib. Biz buraya öz müqəddəratımızı təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik", - deyə Kemi Seba əlavə edib.
Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neokolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda, fransız neomüstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Strasburq şəhərində anadan olan Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Parisin "qara siyahısı"na salınıb. Fransa Kemi Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etsə də, istədiyinə nail olmadığı üçün onu Fransa vətəndaşlığından məhrum edib. Bununla da onu sürgün həyatına məruz qoymağa cəhd göstərib.
Lakin Fransa hətta buna da müvəffəq ola bilməyib. Belə ki, Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi Sebaya diplomatik immunitet verib.
Xüsusilə vurğulayaq ki, "Urgences panafricanistes" qeyri-hökumət təşkilatının rəhbəri, Niger dövlət başçısının xüsusi müşaviri olan Kemi Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Belə ki, K.Sebanın "Facebook"da 1.3 milyon, "TikTok"da 370 000, "Instagram"da 306 000, "X"də 280 000, "YouTube"da isə 230 000 izləyicisi var.
Mərahim Nəsib