Müasir şəraitdə mövcud olan silahlı münaqişələr, dünyanın müxtəlif coğrafi nöqtələrində meydana çıxan təhlükəli beynəlxalq böhranlar, terror təhdidləri əyani formada sübut edir ki, əsasını BMT-nin mexanizmləri təşkil edən beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi rejimi öz səmərəliliyini və preventiv potensialını itirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında qeyd etdi ki, "İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil.
Beynəlxalq birlik tərəfindən 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında olmasına, mülki əhaliyə qarşı sil-silə beynəlxalq cinayətlərin - soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin törədilməsinə, xalqımızın mədəni irsinin amansızcasına məhv edilməsinə, ölkəmizin ekoloji sisteminə bərpa edilməyən ziyanın vurulmasına göz yumulması, işğalçı Ermənistana qarşı heç bir təzyiq göstərilməməsi beynəlxalq miqyasda hökm sürən selektiv yanaşmanın bariz nümunəsidir:
"Universal beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamənin yalnız kağız üzərində qalması beynəlxalq təhlükəsizlik sisteminin süqutunun əyani təsdiqidir. Digər tərəfdən, 14 mart 2008-ci ildə birmənalı olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyini vurğulayan BMT-nin Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" 62/243 saylı qətnaməsinin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs verdilər.
Yaranmış vəziyyətdə beynəlxalq hüquq yalnız hərbi yolla döyüş meydanında təmin edilə bilərdi. 44 günlük Vətən müharibəsi və lokal anti-terror tədbirləri nəticəsində BMT-nin Nizamnaməsinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edildi. Faktiki olaraq Azərbaycan öz gücünə beynəlxalq qurumların hüquqi sənədlərini icra etdi.
Baş verənlər bir daha sübut edir ki, davamlı sülhün, əmin-amanlığın təmin edilməsi üçün beynəlxalq təhlükəsizlik sistemində fundamental islahatlar aparılmalıdır və regional münaqişələrin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səyləri əhəmiyyətli dərəcədə artırılmalıdır.
Nizami Səfərov, Milli Məclisin deputatı