Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.
Növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb.
Ali Məclisin Hesablayıcı Komissiyasının iclası keçirilib, üzvləri sırasından komissiyanın sədri və katibi seçilib. Deputatlardan Rafiq Novruzov komissiyanın sədri, Canməmməd Canməmmədov komissiyanın katibi, Gülxarə Əhmədova, Xəzəngül Orucova və Həbibə Allahverdiyeva komissiyanın üzvləri seçiliblər.
Gündəlikdə duran ikinci məsələ - Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
İclasa sədrlik edən deputat Ramiz Məmmədov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclis sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Nizamnaməyə uyğun olaraq Ali Məclis sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər.
Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.
Deputat Əjdər Əliyev Ali Məclis sədrinin birinci müavini vəzifəsinə 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilmiş Məmmədov Bəxtiyar İbrahim oğlunun namizədliyini irəli sürüb. Deputatlardan Azad Novruzov, Təhminə Babayeva və Mübariz Bayramov təklif olunan namizədin fəaliyyətini yüksək qiymətləndirib, təklifi dəstəkləyiblər.
Təklif səsə qoyularaq qəbul edilib, Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini seçilib.
Bəxtiyar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik hakimiyyətinin gücləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi vəzifələrin VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əsas fəaliyyət istiqaməti olacağına, Ali Məclisin muxtar respublikanın inkişafı istiqamətində səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
İclası davam etdirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov növbəti məsələnin Ali Məclis sədrinin müavininin seçilməsi olduğunu bildirib.
Deputat Ülkər Bayramova Ali Məclis sədrinin müavini vəzifəsinə 42 saylı Aşağı Əndəmic seçki dairəsindən deputat seçilmiş Abdullayev Arzu Kamal oğlunun namizədliyini irəli sürüb. Deputatlardan Bəhruz Məmmədov, Əziz Qasımov və Gülxarə Tarverdiyeva təklif edilən namizədin fəaliyyətini yüksək qiymətləndirib, təklifi dəstəkləyiblər.
Səsvermə nəticəsində Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.
Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
"Report" xəbər verir ki, Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçilib.
Sessiyada Arzu Abdullayev isə Ali Məclis sədrinin müavini seçilib.
Qeyd edək ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.
Fotoda Bəxtiyar Məmmədov
Fotoda Arzu Abdullayev