Prezident İlham Əliyev sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Sərəncamla Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə Nazirlər Kabineti altı ay müddətində:
- Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
- Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, "Naftalan" Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunur.