"Hazırda Ermənistanda revanşizm cəhdləri yeni mərhələyə qədəm qoyur. Qeyri-legitim, dırnaqarası Dağlıq Qarabağ parlamenti də revanşistlərin əlində bir alətə çevrilib".
Bu sözləri Oxu.Az-a separatçıların 19 sentyabrı "artsaxın soyqırımı günü" elan etmələri barədə danışan deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, separatçıların fəallaşmasının əsas iki məqsədi var:
"İlk olaraq beynəlxalq təşkilatlara müraciət etməklə saxta rəy formalaşdırmaq, Qarabağ məsələsinin hələ də "həll olunmadığını" göstərməkdir.
İkinci məqsəd isə Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına mane olmaq cəhdləridir".
"Bu zamanadək "Qarabağ parlamenti" adı altında hər hansı bir qərar qəbul etməyə təşəbbüs göstərmək mütləq şəkildə Ermənistanın hakimiyyət dairələri ilə əlaqədardır. Əgər separatçılar Ermənistan hakimiyyət dairələrindən cəsarət almasaydılar, bu addımı ata bilməzdilər.
Separatçıların lideri olan Şahramanyan da bir neçə il öncə məhz Ermənistan hökumətinə güvənərək sərt bəyanatlar verməyə başladı. Təəccüblü deyil ki, hazırkı proses məhz ABŞ-də Qarabağ separatçılarının dəvət edildikləri tədbirlə üst-üstə düşür. Onlar Qarabağ ermənilərinin hüquqlarını müzakirə etməklə olmayan problemi daha da şişirtməyə çalışırlar", - H.Babaoğlu vurğulayıb.
Deputat qeyd edib ki, Fransa, ABŞ və digər azərbaycanofob, islamofob mərkəzlər ermənilərə beynəlxalq aləmdə ictimai rəyi yanıltmaqda dəstək verirlər:
"Bu səbəbdən Azərbaycan Prezidenti yeddinci çağırış parlamentin açılışında ideoloji təxribat, ideoloji təhlükəsizlik məsələlərinə toxundu. Əlavə olaraq qeyd etdi ki, erməni lobbisi və ermənipərəst qüvvələr bu ictimai rəy vasitəsilə Azərbaycana qarşı fikir formalaşdırmağa çalışırlar.
Separatçıların yenidən fəallaşması o deməkdir ki, biz müharibəyə hazır olmalıyıq. Çünki bu proses Azərbaycanın suverenliyinə qarşı yönəlib. Regionumuzda proseslər sülhə doğru yox, müharibəyə doğru irəliləməkdədir. Azərbaycan Prezidenti də öz nitqində ölkəmizin buna daim hazır olduğunu və olmalı olduğunu bildirib".
Məhərrəm Əliyev