22-23 oktyabr 2024-cü il tarixində Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksəksəviyyəli İşçi Qrupunun doqquzuncu iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan (rəhbər - S.Şərifov), İran (rəhbər - Ə.Cahangiri), Qazaxıstan (rəhbər - Z.Amanjolova), Rusiya (rəhbər - M.Petrakov) və Türkmənistanın (rəhbər - M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.
İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib. Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.
Qrupun növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.