Ağdamda dörd il əvvəl 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanı dəmir parçası ilə döydükdən sonra boğaraq öldürməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfovanın məhkəməsi başlayır.
"Report" xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda baxılacaq.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.