"Azərenerji" ASC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar tədbirin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçir.
Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Məlumata görə, COP29-la bağlı dövlət səviyyəsində yaradılan Təşkilat Komitəsinin üzvü olan "Azərenerji" üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Belə ki, müvafiq dövlət qurumları ilə birgə enerji obyektlərinin fiziki və kibertəhlükəsizliyinin təmin edilməsindən tutmuş, enerji obyektlərində istismar və texniki xidmətlə əlaqədar baş verə biləcək qəza açılmalarının qarşısının alınmasına qədər bütün qabaqlayıcı tədbirlər görülüb. Bunun üçün paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası tam təftiş olunub, istehsal prosesində əlavə ehtiyat güc saxlanılması üçün resurslar müəyyən edilib.
Bundan başqa yeni gətirilən elektrik avtobuslarının enerji ilə təmin edilməsi üçün 110 kilovoltluq Zığ yarımstansiyası tam yenidən qurulub və genişləndirilərək gücləndirilib.
Eyni zamanda COP29 tədbiri ilə əlaqədar Hava Limanı, Zığ şosesi və 8 Noyabr prospekti ilə kəsişən, eləcə də, Hava Limanı yolu kənarı ilə gedən 5.5 km məsafədə 110 kV-luq ikidövrəli yüksəkgərginlikli hava xətləri sökülərək yeraltı kabel xətləri ilə əvəz edilib.
Tədbirlə əlaqədar xüsusi təyinatlı briqada və səyyar diaqnostika laboratoriya avtomobilləri daim iş başında olacaq. Eyni zamanda, avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksəkdəqiqlikli kameralar və teplovizorlarla yarımstansiya və xətlərdə qızma nöqtələrinin müəyyən edilməsi və beləliklə adi gözlə görünməsi mümkün olmayan qəza risklərinin müəyyənləşdirməsi təmin ediləcək.
Beləliklə, 24 saat fasiləsiz növbətçilik prinsipi ilə fəaliyyət göstərən "Azərenerji" ən müasir innovativ yeniliklər tətbiq etməklə istər enerjinin istehsalı, istər ötürülməsi, istərsə də idarə olunması sahəsində bütün gücünü səfərbər edib.
"Azərenerji" COP29-la bağlı gücləndirilmiş iş rejiminə keçir