Bakı bulvarında pulsuz "Wi-Fi" şəbəkəsindən istifadə etməkdə zaman-zaman problemlər olur. Bəs, "Wi-Fi"ın normal fəaliyyəti üçün hansı işlər görülür?
"Baktelecom" MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Bakı Telefon Rabitəsi" MMC tərəfindən Dənizkənarı Milli Parkda (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri) "İctimai "Wi-Fi" xidməti göstərilir və müştəri təcrübələrinin yaxşılaşdırılması üçün ərazidə daimi olaraq Dənizkənarı Bulvar İdarəsi ilə birgə tədbirlər həyata keçirilir:
"Sahədə texniki mütəxəssislər işləyirlər. Həmçinin aparılan monitorinqlər Dənizkənarı Milli Park ərazisində vətəndaşların qeyd edilən xidmətdən yararlandığını əks etdirir.
Qeyd edək ki, "İctimai Wi-Fi" xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir. Xidmətdən istifadə etmək üçün şəbəkəyə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat mobil nömrə ilə mümkündür. Bir cihaz vasitəsilə yalnız bir istifadəçi ödənişsiz internet xidmətindən yararlana bilər.
"İctimai "Wi-Fi" layihəsi çərçivəsində vətəndaşlara təqdim oluna biləcək maksimal sürət 5 Mbit/s-dir.
Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri və s. səbəblərdən internetə qoşularkən çətinlik yarana bilər", - deyə qurumdan bildirilib.