Səbail qalası Şirvanşah III Fəribürz tərəfindən müdafiə məqsədilə inşa olunub. Qalanın içərisində olan qəsrdə isə dustaqlar saxlanılıblar. Bəzi mənbələrdə Karvasaray da adlanan qala ticarət gəmiləri üçün liman kimi də istifadə olunub.
Tikilinin Abşerondakı digər qalalarla gizli, yeraltı yollarla əlaqəsi var.
1939 - 1969-cu illərdə qala ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində dənizdən 700-dən artıq daş lövhə çıxarılıb. Bu tapıntılar sayəsində qalanın tarixi barədə ətraflı məlumat əldə etmək mümkün olub. Daş lövhələrdə Quran ayələrindən başqa, Bakının rəmzi sayılan öküz və ticarəti simvolizə edən dəvə təsvirləri yer alıb. Bəzilərində isə insan təsvirini də görmək mümkündür. Lakin onun kimliyi müəmmalıdır. Ehtimallara görə o, III Fəribürzün gürcü mənşəli xanımıdır.
Xəyalə Günəş bildirib ki, Abşeron yarımadasının cənub sahillərində, elə hazırki bulvar yaxınlığında da dənizin altında qalan tarixi şəhərlər yatır:
"Buradan Qız qalasına kimi uzanan gizli tunellər var idi. Bu şəhərlərin qalıqlarının aşkarlanması üçün ciddi tədqiqatların aparılmasına ehtiyac var".
Xatırladaq ki, bir neçə il öncə qalanın 3d modeli hazırlanmışdı və yenidən bərpa olunaraq turistik məqsədlə istifadəsi təklif olunurdu.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən sorğumuza cavab olaraq bildirildi ki, Bayıl qəsrinin bərpası nəzərdə tutulur. Bu məqsədlə tarixi abidə bərpa olunması üçün investisiya planına salınıb. Bərpa üzrə hansı işlərin həyata keçiriləcəyi bərpa layihəsində öz əksini tapacaq.
Daha ətraflı APA TV-nin süjetində:
Bakı bulvarından Qız qalasına gedən gizli yol