Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, bir sıra əlavə tədbirlər görüləcək.
"Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, "Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq:
"Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
Metronun "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.
Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək".