Metronun "Xətai" stansiyası yaxınlığında ən çox uşaq və yeniyetmələrin istifadə etdikləri piyada zolağı silinib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, sözügedən ərazidə piyada zolağının olduğunu göstərən xətlər silinib, sürücülər isə müvafiq yol nişanına məhəl qoymurlar. Nəticədə yolu keçən piyadalar, xüsusən də təhsil mərkəzinə gedib-gələn uşaqlar təhlükə ilə üzləşirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır.
"Nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir. Müvafiq işlər sözügedən küçədə də aparılacaq. Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər", - deyə məlumatda qeyd olunub.
Əzizə İsmayılova
Rəylər