Bakının mərkəzində, 28 May küçəsində taksi dayanacağının ləğv olunaraq yerinə avtobus zolağının çəkilməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, həmin zolağın çəkilməsi 28 May küçəsində hərəkəti iflic etməkdən başqa bir işə yaramır.
"Həmin küçə ilə hərəkət edən avtobuslar hamısı Azadlıq prospektinə çıxmalı olduqları üçün yolun sağ zolağından istifadə edirlər, sol zolaqla isə 4 nömrəli xətt avtobusundan başqa heç bir avtobus hərəkət etmir. Zolaq boş qalır, əvəzində yolda tıxac yaranır",- deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb.
"Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, 28 May küçəsi uzun illərdir Bakının ən hərəkətli və nəqliyyat sıxlığı olan küçələrindən biri hesab edilir. Küçənin mərkəzi hissəsində yerləşən taksi dayanacağı isə sürücülər üçün əvəzolunmaz məntəqə idi.
Əzizə İsmayılova
Rəylər