Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsi ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, Dəhnəxəlil kəndinin sakini Elşən Feruz oğlu Məhərrəmov fərdi həyətyanı sahə ayrılması üçün bələdiyyəyə müraciət etsə də, ona imtina cavabı gəlib. Dəhnəxəlil kənd bələdiyyəsi buna səbəb olaraq perspektiv inkişaf fondunda boş torpaq sahəsi olmadığını əsas gətirib.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı tərəflərin fikirlərini öyrənib.
Şikayətçi Elşən Məhərrəmov iddia edib ki, sözügedən bələdiyyənin torpaqları rüşvətlə satılıb:
"Üç oğul, bir qız atasıyam. Oğlanlarımın ikisinə fərdi ev tikdirmək üçün 12 sot olmaqla birlikdə 24 sot torpaq istəyirəm. Müraciət edəndə bələdiyyə deyir ki, fondunda torpaq yoxdur. Məsələ ilə bağlı çoxsaylı qurumlara müraciət etmişəm, nəticə yoxdur. Mən hesab edirəm ki, bələdiyyədə torpaq var, sadəcə, ayırmırlar, laqeyd yanaşırlar".
Ağdaş rayonu Dəhnəxəlil bələdiyyəsinin sədri Ayaz Abdullayev Oxu.Az-ın sorğusuna cavabında bildirib ki, məsələdən məlumatlıdırlar:
"Həmin şəxs bələdiyyədən həyətyanı torpaq sahəsi istəyir. Bələdiyyənin ehtiyat fondunda həyətyanı torpaq sahəsi qalmayıb. Torpaq sahəsi olsa belə, həmin vətəndaşa ayrıla bilməz. Çünki bələdiyyənin siyahısında çoxsaylı şəhid ailələri və qazilər var. Hazırda olmadığı üçün onlara torpaq sahəsi verə bilmirəm. Niyə Elşənin məktəb qurtarmayan uşağına torpaq verməliyəm? O, ailənin tək oğludur, balansında 60 sot torpaq sahəsi var. Onlara pay torpağı da düşüb, satıblar. Tez-tez deyir ki, "əsgər yetişdirirəm". Mən torpaq alan əsgərlərə, qazilərə, şəhid ailələrinə torpaq ayıra bilmirəm, sənə ayırmalıyam?! Olsa da, vermərəm!"
Məhərrəm Əliyev
Rəylər