"Azyaşlıların dini mərasimlərdə iştirakı onların təhlükəsizliyi baxımından düzgün deyil".
Bunu "Report"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycanda məhərrəm ayında Aşura ənənələri zamanı bir neçə mühüm məqamı gözdən qaçırmamalıyıq:
"Bir çox müsəlman ölkələrində olduğu kimi bizdə də Aşura ənənələri var. Burada mühüm məqam azyaşlıların bu tədbirlərə aparılmasıdır. Ayinlər zamanı minlərlə insanın məscidə axışı səbəbindən məscidlərdə izdihamın yaşanması uşaqların təhlükəsizliyi baxımından problem yaradır".
C.Məmmədov icra edilən ayinlərin yeniyetmə və uşaqların psixologiyasına ciddi formada mənfi təsir edə biləcəyini də qeyd edib:
"Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Valideyinlərə tövsiyyə olunur ki, uşaqları belə yerlərə aparmasınlar. Azyaşlıların psixologiyasının zəif olduğunu nəzərə alsaq, dini ayinlər onların psixologiyasına ciddi zərbə vuraraq dinə yaxınlaşdırmaq əvəzinə uzaqlaşdıra bilər".
C. Məmmədov insanların məhərrəm ayında keçirtdiyi ayinləri nəzərdən keçirməli olduqlarını deyib:
"Cəmiyyətin keçirdiyi ayinlər məqsədli şəkildə olmalıdır. Unutmamalıdırlar ki, məhərrəm ayında olan savaş haqsızlığa, işğala qarşı cəhd idi. Bu səbəbdən ayinlərin məqsədi insanlara düzgün formada çatdırılmalıdır".
"Qanvermə aksiyalarında iştirak edərək də öz mövqe və həmrəyliyimizi aydın formada göstərə bilərik. Məlumdur ki, ölkədə çox insanın qana ehtiyacı var", - deyə VI çağırış deputatı əlavə edib.
Rəylər