"Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bərpası yekunlaşan Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 2024-25-ci tədris ilindən fəaliyyətə başlayacaq".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
O bildirib ki, müasir standartlara cavab verən 960 şagird yerlik Şuşa şəhəri 1 nömrəli tam orta məktəb üç mərtəbə, beş blokdan ibarətdir:
"Məktəbdə 24 nəfərlik 40 sinif otağı var. Bundan başqa, məktəblilərin istifadəsi üçün kitabxana, oxu zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, dron, musiqi, tibb və iaşə kabinetləri var".
Direktor onu da qeyd edib ki, "Böyük Qayıdış" Proqramının birinci mərhələsi hələ davam edir:
"Hazırda əhali köçürülmə mərhələsindədir. Məktəbdə, əsasən, Şuşa şəhər qeydiyyatında olan və burada müxtəlif müəssisələrdə çalışan insanların ailələrindən olan insanlar işlə təmin olunacaqlar. Müəllimlər üçün sitimullaşdırıcı təlimlər olacaq. Düşünürük ki, "yay məktəbi" təşkil edək. Həm müəllim, həm də şagirdlərin məktəbə adaptasiyası planlaşdırılır.
İlkin proqnozlara görə, məktəbdə 258 şagirdin təhsil alması düşünülür. Bu proqnoza görə, təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması nəzərdə tutulur. Bu say əhalinin köçürülməsi prosesi ilə əlaqədar olaraq arta da bilər".
"Bu təhsil müəssisəsində rus dilində tədris nəzərdə tutulmayıb. Lakin qeyd edim ki, Bakıda təhsil alan şuşalı yuxarı sinif şagirdlərinin əksəriyyəti rus bölməsində oxuyur. Onların azərbaycandilli tədrisə adaptasiyasını təmin etmək və dərslərini daha aydın mənimsəmələri üçün müəllimlər tərəfindən ödənişsiz dəstək proqramları tətbiq ediləcək", - deyə məktəb direktoru əlavə edib.
Könül Cəfərli