"Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası" təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, mənzil kirayəsi üçün pul kompensasiyası ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə verilir.
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onun ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:
- Bakı şəhərində - 150 manat;
- Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat;
- başqa şəhər və rayon mərkəzlərində - 75 manat;
- digər yaşayış məntəqələrində - 55 manat.
Ədliyyə işçisinə onun hər bir ailə üzvünə görə göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödənilir. Ödənişlər "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq həyata keçirilir.
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər əsasında ödənilir:
- ədliyyə işçisinin ərizəsi (raportu);
- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən ədliyyə işçisinin qulluq keçdiyi müvafiq ədliyyə orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;
- mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;
- ədliyyə işçisinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.
Tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ədliyyə işçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ədliyyə işçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ədliyyə işçisi tərəfindən təmin edilir. Yeni xidmət yerinə gəlmiş ədliyyə işçisi kirayədə yaşaması barədə ərizə (raport) ilə müraciət edərkən nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Mənzilin kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq, ədliyyə orqanının rəhbərinin bu barədə əmrindən sonra ödənilir.
Müəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir. Ədliyyə işçisinin ailə tərkibində dəyişikliklər baş verərsə, bu barədə işçi tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır.
Ədliyyə Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş ədliyyə işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir.
Qaydada göstərilən maliyyələşdirmə məsələləri Ədliyyə Nazirliyinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.
Rəylər